Əyyami-Ha, Orucluq, Novruz üçün dualar (#4880)

*Əlavə Günlər, Fevralın 26-dan Martın 1-dək, hər iki tarix daxil olmaqla, Orucluğa hazırlaşmaq gunləri, qonaqpərvərlik günləri, xeyriyyə və hədiyyələr bağışlamaq günləridir

Mənim Allahım, mənim Atəşim və mənim Çırağım! Öz Kitabında Əyyam-i-Ha adlandırdığın günlər başlayıb, Sən Ey adların Sultanı və Sənin ən uca Qələminin Sənin xilqətinin səltənətində, hamıya vacib buyurduğun Oruc yaxınlaşır. Səni and verirəm, İlahi, bu günlərə və bu müddətdə Sənin hökmlərinin ipindən və Sənin əmrlərinin dəstəyindən yapışanların hamısına, hər bir ruha Sənin sarayının yanında bir yer və Sənin üzünün şəfəqinin məşriqində bir məkan qismət eylə.

Bunlar, İlahi, Sənin o bəndələrindir ki, nəfsi-həva onları Sənin Kitabında nazil etdiklərindən uzaq sala bilmədi. Onlar Sənin Əmrin qarşısında baş əyiblər, Sənin Kitabını Səndən gələn qətiyyətlə qəbul ediblər və Sənin onlara hökm etdiklərinə riayət ediblər, Sənin nazil etdiklərinə əməl etmək üçün seçiliblər.

Sən görürsən, İlahi, onlar Sənin Lövhlərində zahir etdiklərini necə iqrar və etiraf ediblər. İlahi, Öz əta əllərindən Sənin əbədiliyinin suyundan onlara içir. Sonra onlara Sənin dəryanda üzənlərin və Səninlə vüsalın nəfis şərabından dadanların mükafatını yaz.

Rica edirəm Səndən, Ey sultanların Sultanı və əzilənlərə Rəhmi gələn, onlara bu dünyanın və o dünyanın xeyrini qismət eylə. Onlara Sənin yaratdıqlarından hələ heç kəsin bilmədiyini tanıtdır və onları o kimsələrin cərgəsinə yaz ki, Sənin ətrafına toplaşıblar və Sənin bütün aləmlərində Sənin taxtının ətrafında dolanırlar.

Sən, həqiqətən, Ən Qüdrətli, Hər Şeyi Bilən və Hər şeydən Xəbərdarsan.

-Bahá'u'lláh
-----------------------

Əyyami-Ha, Orucluq, Novruz üçün dualar (#4881)

*Kitabi-Əqdəsdə buyrulur: "Biz sizə hökm etmişik ki, kamala çatandan (15 yaş) namaz qılıb oruc tutasınız; Bu Allah tərəfindən, Sizin Rəbbiniz və babalarınızın Rəbbi tərəfindən hökm olunmuşdur.... Səfərdə olana, xəstəyə, uşaqlı və ya süd verən analara Oruc tutmaq hökmü şamil edilmir... Yeməkdən və içməkdən günçıxandan günbatana qədər pəhriz edin və məbada Kitabda təyin olunmuş bu nemətdən özünüzü məhrum edəsiniz" Orucluq müddəti Martın 2-dən 20-sinə qədərdir. Xahış olunur Bəhai təqviminə müraciə edəsiniz.

Bu, Ey mənim Allahım, günlərdən birincisidir ki, Sən Öz sevimlilərinə Oruc tutmağı əmr etmisən. Səni and verirəm Sənin Özünə, özü xatirinə və ya öz arzusu üçün, ya da Sənin qəzəbindən qorxduğu üçün deyil, Sənin məhəbbətin və Sənin razılığın naminə oruc tutan kəsə və Sənin ən ali adlarına və yüksək sifətlərinə - Sənin bəndələrini Səndən başqa hər şeyə məhəbbət bağlılığından pak eylə və onları Sənin üzünün nurunun Məşriqinə və Sənin vahidlik Taxtına cəzb eylə. Onların ürəyini Sənin irfanının işığı ilə nurlandır, Ey mənim Allahım və onların üzlərini Sənin iradə üfüqündə parlayan Günəşin şüaları ilə parlat. Sən istədiyini etməyə Qadirsən. Səndən başqa Allah yoxdur, ən cəlallı, bütün insanların kömək dilədiyi Allah.

Yardım eylə onlara, Ey mənim Allahım, Sənin uğrunda qələbə qazansınlar və Sənin Kəlamını ucaltsınlar. Sonra onlara izn ver ki, Sənin bəndələrin arasında Əmrinin əlləri və Sənin dinini və bəşərin arasında Sənin nişanələrini zahir edənlər olsunlar, belə ki, bütün dünya Sənin zikrin və tərifinlə, Sənin dəlil və sübutlarınla dolsun. Sən, həqiqətən, Ən Kəramətli, Ən Uca, Qüvvətli, Əzəmətli və Mərhəmətlisən.

-Bahá'u'lláh
-----------------------

